Yuxarı

5G və çiplərin pandemiyaya təsiri

Bu gün sizinlə, son vaxtların aktual mövzusu olan, texnologiyanın pandemiyaya təsirindən danışacağıq.

Günümüzdə bütün dünya Coronavirus ilə mübarizə aparır. Bu mübarizənin rəsmi və qeyri-rəsmi məlumatlarını isə biz sosial şəbəkələrdən alırıq. Hər bir şəxsin yanaşması və ya inanmaq istədiyi məlumatlar müxtəlifdir. Buna görə də hal-hazırda cəmiyyətimiz 2 mövzuda 3 yerə bölünüb. 

1-ci mövzu Covid-19 virusunun yaranma səbəbinin 5G texnologiyası olub olmamasıdır. 1 qisim insan buna inanır, 1 qrup insan əlaqəsi olmadığını deyir, digər bir qrupun da ümumiyyətlə mövzudan xəbəri yoxdur.

2-ci mövzu da təxmini buna bənzəyir. Bədəninə çip yerləşdirən insanlar, Bill Gates, məlumatların izlənməsi və s. Bu mövzuda da insanlar 3 yerə bölünür. Zərərli bir şey olmadığını deyənlər, hər şeyə bu çip məsələsi və Bill Gatesin səbəb olduğunu deyənlər və yenə də mövzudan xəbəri olmayan insanlar.

Gəlin bu mövzulara bir az geniş prizmadan baxaq və hamının başa düşəcəyi formada yanaşaq.

 

1-ci mövzu 5G

Bu texnologiyanın Çində yaranması, Virusun da Çində baş qaldırması insanların bu teoriyaya inanmasına gətirib çıxardı. Amma bu texnologiyanın dünyanın əksər ölkələrində uzun müddətdir yoxlanma mərhələsində olduğunu da nəzərə almalıyıq. Covid-19 un pik həddə ilk çatdığı yer, Çinin Vuhan əyalətində 5G antenlərinin quraşdırılmasından sonra virusun daha da böyüməsini sosial şəbəkələrdə sanki reklam etməyə başladılar bir müddət. Təbii ki, səbəb axtarışında olan şəxslərin bir qismi buna inandı, bir qismi isə yox.

5G nədir, günümüzdə istifadə etdiyimiz 3G və 4G ilə fərqi nədədir? Hal-hazırda bizim istifadə etdiyimiz mobil şəbəkənin sürəti, 3 və 4G-də maksimum 6 GHz-ə qədərdir. 5G isə 6GHz-dən yuxarı tezlikdə işləyir. Bəzi araşdırmaçıların dedikləri sosial şəbəkələrdə çox danışıldı ki, bunlardan biri də 5G dalğasının oksigeni kəskin şəkildə zədələməsi və ya məhv etməsi idi. Bunların nə dərəcədə real olduğuna texniki cəhətdən də baxa bilərik. Dediyimiz kimi 5G 6 Ghz-dən yuxarı tezlikdə işləyir. Elektromaqnit dalğalar düzdür ki, 60 Ghz tezlikdə oksigen molekullarına təsir edir. Amma sosial şəbəkələrdə bu təsiri həddindən artıq çox şişirdiblər. Belə ki, bu dalğalar 60 Ghz tezlikdə olduğu zaman, havada olan oksigen molekullarının 1/1000000-nə təsir edə bilir. Biz indi fikirləşə bilərik ki, düzdü deməli yazılanlar, boğulmanı 5G yaradır. Amma gəlin daha primitiv misallar göstərək. Siqaret çəkən bir insanın, hər tüstüdə havaya ötürdüyü zərərli qazların, oksigen molekullarına olan təsiri bundan 10 dəfə çoxdur. Gündəlik istifadə etdiyimiz nəqliyyat vasitələrinin havaya buraxdığı zərərli qazların isə u molekullara olan zərəri siqaret tüstüsündən 20 dəfə, elektromaqnit dalğadan isə 200 dəfəyə qədər çoxdur. Bunun kimi bir neçə nümunə də çəkmək olar. Düzdü mənim ixtisasım kimya üzrə olmasa da, 2-3 günlük araşdırma ilə bu nümunələri tapmışam. Eyni araşdırmanı siz də edə bilərsiniz, təbii ki, Google-da “5G-nin koronavirusa təsiri” yazanda çıxan absurd məqalələrə baxmamaq şərti ilə. Bununla bağlı əlavə məlumat və ya fikirləriniz varsa, şərh yerində qeyd edin müzakirə edək.

 

2-ci mövzu Çiplər

Bu pandemiya dövründə müzakirə olunan mövzulardan biri də, insan bədəninə yerləşdirilən çiplərdir. Yenə də, müasir dövrdə, gündəlik həyatımıza təsir edən ən böyük amillərdən biri olan sosial şəbəkələr bu mövzunun da kəskin yayılmasına səbəb oldu. Bunun da əsas günahkarı kimi Microsoftun rəhbəri Bill Gates göstərildi. Buna səbəb, vaksin haqqında açıqlamalar edərkən, insan orqanizmini izləyən və məlumatları vahid bazaya ötürən mikro çiplər haqqında danışması, özünün və ətrafında olan şəxslərin də bunu istifadə etdiyini bildirməsidir.
Bəs bu çip nədir? Təhlükəlidirmi? Həyatımıza necə təsir edir və ya edə bilər?
Əslində bu tip çiplərin insan bədəninə yerləşdirilməsi və şəxsin elektron sistemlərinin mərkəzləşdirilməsi praktikası illərdir var. Hal-hazırda da təkmilləşdirmə prossesi gedir. Hətta bir neçə il əvvəl Avstriya və İsveçrədə bir neçə şəxs ağıllı ev sistemini idarə etmək üçün əlin üst hissəsinə çip yerləşdirmişdilər. Həmin vaxt bu məsələ yenə müzakirə olunurdu, amma birdən-birə trendə çevrilməyə başladı və insanlar Tatoo edirlərmiş kimi əllərinə çip qoydurmağa başladılar. Təbii ki, yalnız ağıllı ev sistemlərini idarə etmək başqa, insan bədəninin məlumatlarının ötürülməsi başqa məsələdir. İnsanlar indi bu çip məsələsində əsasən “Mənim məlumatlarımı oğurlaya bilərlər“ kimi fikirlər irəli sürürlər. Son 5 ildə Azərbaycanda da planlaşdırılan və hal-hazırda həyata keçirilən bir layihə var. Bu vahid məlumat bazasının yaradılmasıdır. Bütün məlumatlarımız hal hazırda yeni növ şəxsiyyət vəsiqələrinin mikrosxemlərində qeyd olunur. Əgər məsələ insan orqanizmi ilə bağlıdırsa, ətrafınızda azyaşlı uşaq varsa, bilərsiniz ki, onun tibbi kartı var. Bu tibbi kart da bir növ insan sağlamlığının vahid məlumat bazasıdır. Pasient nə vaxt, hansı səbəbdən, harada və hansı dərmanlarla müalicə alıbsa, hamısı burada qeyd olunmalıdır. Siz təsəvvür edin, hər hansı bir xəstəlikdən müalicə alırsınız, bir müddət sonra başqa bir narahatlığınız olur və tamam başqa bir həkim sizə yeni dərmanlar yazır. Tutaq ki, birinci dəfə siz mədənizdən, ikinci dəfə isə qara ciyərinizdən müalicə alırsınız. İkinci müalicə zamanı yazılan dərmanlar, birinci xəstəliyi yenidən canlandıra və pis nəticələrə gətirib çıxara bilər. Amma ikinci həkim sizin vahid bazada görsə ki, siz daha əvvəl hansı xəstəlikdən, hansı dərmanlarla müalicə olunmusunuz, belə hallar minimuma enəcək. Bu isə inkişafda olan müasir texnologiyadan səmərəli istifadə etməkdir. Kartlar da məhz bunun üçün nəzərdə tutulub. Bu kartlar hal-hazırda nə qədər aktivdir və ya işləyirmi, onu Səhiyyə Nazirliyi daha dəqiq deyə bilər. Mən sadəcə kartların iş prinsipini izah etdim. Bunları qeyd etməkdə məqsədim odur ki, vahid məlumat bazası istəsək də, istəməsək də yaradılır və subyektiv yanaşmamı desəm, bu yaxşı bir şeydir. Gələcəkdə çiplər hansı səviyyədə məlumat ötürəcək, məxfilik necə qorunacaq sualları hamıda var, amma bu nüanslar tam təkmilləşənə qədər, sosial şəbəkələrdə olduğu kimi məsələni çox böyütməmək və yeni kəşfləri gözləmək ən yaxşısıdır.

 

Bu mövzunun ən incə məqamı isə çip qoşulsa, mənim nə yediyimi, nə rəng sevdiyimi, məşğuliyyətlərimi və s. başqaları da biləcək qorxusudur. Bir nöqtəyə diqqətinizi çəkmək istəyirəm. Bir müddət smartfonunuzun yanında hər hansı “Açar kəlimələr”-i desəniz, bir brenddən danışsanız, onun və o kateqoriyada olan məhsulların reklamını sosial şəbəkələrdə görürsünüz. Hər hansı bir şəkil paylaşarkən ətrafınızda olan rənglərə və üzünüzdəki mimikaya əsasən yenə də buna uyğun reklamlarla qarşılaşırsınız.

Məsələn, adi axtarış rejimində, internetdə maşın elanlarına baxırsız və sizin daha əvvəlki sosial mediada xoşbəxt göründüyünüz şəkildə “qırmızı rəngi sevir” nəticəsi robot tərəfindən təyin edilibsə, tez-tez qarşınıza - Gözəl qırmızı avtomobil reklamları çıxacaq. Bu məlumat mübadiləsini əslində çox adam bilir, amma yenə də çip yoxdursa hələ məlumatlarımı məxfi olaraq saxlayıram deyə düşünənlər var. Əgər sizə maraqlıdırsa, son dediyim mövzunu yoxlayıb rəy yazıb nəticələri bildirə bilərsiniz.

 

Bu günlük məlumatlarımız bu qədər. Mövzular barədə təklifiniz varsa, rəy yazın və ən əsası səhifəni bəyənib, izləməyi unutmayın. Hələlik!

Bu məqalədə yazılan fikirlər subyektiv xarakter dayşıyır və müəllifin şəxsi fikiridir.